Burada siz Almaniyada təhsil, tədqiqat və DAAD təqaüdlərinə müraciətlə bağlı tez-tez verilən suallara cavab tapa bilərsiniz.

DAAD təqaüdünə müraciət

 

Azərbaycanda DAAD təqaüdlərinə müraciət üçün son müraciət tarixi nə vaxt bitir?

Hər bir təqaüd proqram üçün son müraciət tarixi müxtəlifdir. Bir çox DAAD təqaüd proqramları üçün son sənəd vermə tarixi hər ilin payız ayındadır. Hər bir proqramın son sənəd vermə gününə Təqaüd axtarışı bölməsində baxa bilərsiniz.

DAAD təqaüdləri üçün yaş məhdudiyyəti mövcuddurmu?

Ümumiyyətlə DAAD təqaüd proqramlarında yaş məhdudiyyəti mövcud deyil. Lakin təhsilinizi bitirdiyiniz vaxtdan 6 ildən  çox vaxt keçməməlidir. Nəzərə alın ki,  DAAD-nin çoxlu sayda təqaüd proqlamları vardır. Buna görə də, siz əvvəlcə müraciət etmək istədiyiniz təqaüd proqramının şərtləri ilə yaxından tanış olmalısınız.

Bakalavr təhsili üçün DAAD təqaüd proqramı varmı?

Xeyr, DAAD Azərbaycan üçün bakalavr təqaüdü təklif etmir.

Təqaüdə nə daxildir?

Əksər DAAD təqaüdləri Almaniyada qalmanı tam maliyyələşdirir. Buraya aylıq təqaüd (adətən 750 Avro / aylıq), tibbi və bədbəxt hadisələrdən sığorta, həmçinin səfər xərcləri daxildir. Ətraflı məlumat üçün təqaüd proqramının "Baxış" bölməsinə baxın.

Hansı sənədlər tələb olunur?

Təqaüd proqramından asılı olaraq tələb olunan sənədlər müxtəlifdir. Seçdiyiniz təqaüd proqramının "Müraciət mərhələləri" hissəsinə baxın.

Hansı sənədlər notarial təsdiq olunmalıdır? Təsdiqli tərcümələri harada hazırlada bilərəm?

DAAD təqaüd proqramlarına müraciət edərkən, tələb olunan sənədlərin notarial təsdiqə və ya Almaniyanın Bakıdakı səfirliyi tərəfindən təsdiqə ehtiyac yoxdur.

Tələb olunan sənədləri hansı dildə hazırlamalıyam?

Sənədlər ingilis və ya alman dilində olmalıdır. Əgər sənədləriniz bu dillərdən birində tərtib olunmuşsa, tərcüməyə ehtiyac yoxdur. „Yay dil kursu“ təqaüd proqramında bütün sənədlər (tərcümeyi hal, əsaslanma məktubu və s.) alman dilində olmalıdır. Şəhadətnamə, diplomlar və rəy məktubu isə alman və ya ingilis dilində təqdim oluna bilər.

Onlayn necə müraciət edə bilərəm?

DAAD portalından qeydiyyat və onlayn müraciət üçün ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Tələb olunan sənədləri yalnız onlayn göndərə bilərəm?

DAAD təqaüdünə tələb olunan sənədləri yalnız onlayn göndərmək olmaz. Siz sənədlərinizi müvafiq proqrama uyğun olaraq tələb olunan nüsxədə kağız formasında da bizə təqdim etməlisiniz. Rəy məktubu istisna olmaqla digər sənədləri DAAD portalına yüklədikdən sonra gələn xülasəni ("Application summary"/ "Bewerbungszusammenfassung")  tələb olunan nüsxədə bizə təqdim edirsiz.

Mən hazırda Azərbaycanda deyiləm, tələb olunan sənədləri necə təqdim edə bilərəm?

Sizin əvəzinizə başqa bir şəxs sənədləri bizə təqdim edə bilər. Siz sənədləri  həmçinin poçtla bizə göndərə bilərsiniz.

DAAD imtahanlarını harada və nə vaxt verməliyəm?

Bir qayda olaraq DAAD imtahanları mövcud deyildir. Təqaüd proqramında iştirak etmək üçün siz dil imtahanı verməlisiniz.

Alman dili: Alman dilli ixtisası seçdiyiniz halda siz alman dili sertifikatını təqdim etməlisiniz. Bunu üç yolla etmək mümkündür:

  • TestDaF (Test Deutsch als Fremdsprache) dil imtahanı verməklə.
  • DSH dil imtahanı ("Deutschen Sprachprüfung für den Hochschulzugang ausländischer Studienbewerber“) verməklə.
  • əgər sənəd verdiyiniz müddətdə yuxarıda qeyd olunan sertifikatınız yoxdursa bu zaman bizdə onSET testini verməlisiniz.

İngilis dili: Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə, bu zaman alman dilini bilmək mütləq deyil. Universitetlər belə hallarda əsasən ingilis dili sertifikatı tələb edirlər (TOEFL, IELTS və s.). Təhsil üçün dil imtahanında nə qədər bal toplamağınız ali məktəbdən asılıdır. Diqqətli olun: Bəzi ixtisaslar həm alman, həm də ingilis dili tələb edirlər! Buna görə seçdiyiniz universitetin internet səhifəsinə daxil olub, məlumatları dəqiq oxuyun.

DAAD təqaüd proqramlarına müraciət etmək üçün alman dilini bilməliyəm?

"Yay dil kursu" təqaüd proqramı  istisna, digər proqramlarda alman dilini bilmək məcburi deyildir, ingilis dilində də müraciətlər qəbul olunur. Master, 7-10 aylıq tədqiqat və  doktorantura təqaüdlərinə ingilis dilli proqram üçün təqaüd qazansanız, bu zaman DAAD sizə təhsildən əvvəl Almaniyada alman dili kursu təşkil edir. Bu kurslarda iştirak məcburidir və xərclər DAAD tərəfindən qarşılanır.

Motivasiya məktubu və tədqiqatın təsvirini  necə yazılmalı?

DAAD internet səhifəsində siz motivasiyanın və həmçinin də tədqiqatın təsvirinin yazılma qaydaları haqqında təlimat ilə tanış ola bilərsiniz.

Əvvəlcə təqaüdə yoxsa universitetə müraciət etməliyəm?

DAAD master təqaüd proqramına müraciət edərkən sizdən alman universitetinə qəbul olunmağınız tələb olunmur. Əgər sizin universitetdən qəbul olma haqqında artıq razılığınız varsa, həmin razılığı sənədlərinizə əlavə edə bilərsiniz.

DAAD təqaüd proqramına müraciət etmək üçün mənə nə qədər TOEFL və ya IELTS balı gərəkdir?

DAAD-nin ingilis dili ilə bağlı şərtləri yoxdur. Yalnız ingilis dili sertifikatında göstərilən bal seçdiyiniz ixtisasın şərtlərinə cavab verməlidir. Bunun üçün müvafiq universitetin internet səhifəsinə daxil olub seçdiyiniz ixtisasın qəbul şərtləri ilə tanış olun. Nəzərə alın ki, hər bir universitet təhsil üçün lazımi TOEFL və ya IELTS balını özü müəyyən edir.

İngilis dili sertifikatımın müddəti ilin sonu bitir. Nə etməli?

Dil sertifikatı universitetə qəbul olmaq üçün sənəd verərkən qüvvədə olmalıdır (Universitetin internet səhifəsinə bax). Əgər qüvvədə deyilsə, bu zaman vaxtında yeni dil testi üçün qeydiyyatdan keçin. DAAD təqaüd proqramına tələb olunan sənədləri təqdim edərkən hazırki dil sertifikatınızı və yenidən test vermək üçün olan qeydiyyatınızı təqdim etməlisiniz.

Əgər artıq Almaniyada oxuyuramsa, təhsilə başladıqdan sonra DAAD təqaüdünə müraciət edə bilərəmmi?

Əgər Almaniyada olduğunuz müddət 15 aydan çox deyilsə, siz DAAD təqaüdünə müraciət edə bilərsiniz. Təqaüd aldığınız halda bu Almaniyada magistr və ya doktorantura təhsilinin ikinici ili üçün nəzərdə tutulacaqdır. Nəzərə alın ki, təqaüdü almaq üçün şərtlərdən biri müsahibədən keçməkdir və bunun üçün siz Azərbaycana gəlməlisiniz.

Mən artıq işləyirəm, ali məktəb müəllimindən rəy məktubu əvəzinə iş yerimdən rəy məktubu ala bilərəmmi?

Bu mümkün deyildir. Siz təhsilinizi uzun illər öncə bitirmiş olsanız belə, universitet müəllimindən rəy məktubunu (DAAD-nin təyin etdiyi formada) əldə etməlisiniz. Əlavə rəy məktubu kimi iş yerinizdən əldə etdiyiniz rəy məktubunu təqdim edə bilərsiniz. Bu DAAD-nin tələb etdiyi formada olmaya da bilər.

Təhsilimi xaricdə almışam. Rəy məktubunu necə təqdim etməli?

Bu zaman siz DAAD-nin təyin etdiyi formanı müəlliminizə göndərməli, müəllim həmin formanı doldurmalı, öz imza və möhürü ilə təsdiq etməli və elektron formada  "Refference Letter for Name, Surname" başlığı altında info@daad.baku.az elektron poç ünvanına göndərməlidir.

Neçə ixtisasa sənəd verə bilərəm?

Siz master təhsili üçün təqaüd ərizənizdə üç ixtisas göstərməlisiniz. Biz üç ixtisas göstərməyinizi məsləhət görürük ki, birinci ixtisasa qəbul olunmayacağınız halda alternativ imkanınız olsun.

İncəsənət, memarlıq, dizayn və film ixtisasları üzrə Almaniyada magistr təhsili almaq üçün DAAD təqaüd proqramı mövcuddurmu?

Bəli, DAAD təqaüd proqramları bütün ixtisaslarda təhsil alan tələbələr üçün açıqdır, o cümlədən DAAD master təqaüd proqramı. Yuxarıda sadalanan ixtisas sahələrinə sənəd verənlər üçün xüsusi şərtlər mövcuddur ki, bunlara xüsusi diqqət yetirməlisiniz. Və bu sahələr üzrə müraciət edən şəxslər sənədlərini DAAD Bakı Məlumat Mərkəzinə deyil, birbaşa DAAD Bonn Mərkəzinə  göndərirlər.

Mən Almaniyada doktorantura və tədqiqat aparmaq istəyirəm. Alman professorundan dəvət məktubu olmadan DAAD təqaüd proqramına müraciət edə bilərəm?

Dəvət məktubunu, digər sənədlərlə birlikdə  son müraciət tarixinə qədər DAAD Bakı Məlumat Mərkəzinə təqdim etməlisiniz. Dəvət məktubunun gec təqdim olunması ilə bağlı DAAD güzəşt etmir.

Təqaüdçülərin seçimi necə aparılır?

Təqaüdçülərin seçimi proqramdan asılı olaraq müxtəlif cür aparılır.

Master təqaüd proqramı: Ərizə müddətinin bitməsindən sonra təqdim olunmuş sənədlərin əsasında ilkin seçim keçirilir. Seçilmiş namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibə noyabr, dekabr və ya yanvar aylarının birində keçirilir. Seçim müsahibəsi üçün Bakıya Almaniyadan professorlardan ibarət komissiya gəlir. Alman professorları seçim qərarını verirlər.

Yay dil kursları təqaüd proqramı: Ərizə müddəti bitdikdən sonra təqdim olunmuş sənədlər əsasında ilkin seçim aparılır. Ən yaxşı namizədlər yazılı seçim imtahanına dəvət olunurlar ki, onlar burada alman dilində inşa yazmalıdırlar. İnşanın mövzusu əvvəlcədən bildirilmir.

Başqa proqramlar: Seçim ərizə sənədləri əsasında aparılır. Qərar Almaniyada professorlardan ibarət komissiya tərəfindən verilir.

Müsahibədə nə soruşulur?

Müsahibə seçim prosesinin mühüm bir hissəsidir. Bu zaman ərizəçinin ixtisas bilikləri və proqrama uyğunluq baxımından şəxsi keyfiyyətləri dəyərləndirilir. Ona görə müsahibədə həm ixtisas sualları, həm də ərizəçinin şəxsi motivasiyası barədə suallar verilir. Müsahibə bir qayda olaraq 15 dəqiqə davam edir.

Almaniyada tədqiqat

  • Almaniyada doktorantura təhsil almaq və ya tədqiqat aparmaq üçün mən hansı dili bilməliyəm?

Almaniyada doktorantura təhsil almaq və ya tədqiqat aparmaq üçün mən hansı dili bilməliyəm?

Almaniyada alman və ingilis dillərində təhsil almaq və tədqiqat aparmaq mümkündür. Almaniyada bir sıra ixtisas sahələri mövcuddur ki,  burada oxumaq üçün alman dili bilikləri tələb olunmur. Siz  www.study-in.de www.daad.de/international-programmes , www.hochschulkompass.de səhifələrində alman və  ingilis dilli ixtisaslar üçün axtarış apara bilərsinizDAAD-Datenbank für Internationale Programme səhifəsində siz Almaniyada ingilis dilində təklif olunan bakalavr, magistr və doktorantura proqramları haqqında məlumat ala bilərsiniz. Həmçinin  www.study-in.de səhifəsində ingilis dilli ixtisaslar haqqında məlumat var.